SER WUF13 Assemblesiyasında iştirak edib

2026-cı il mayın 14-də WUF13 (World Urban Forum 13) çərçivəsində “Gülüstan Sarayı”nda Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyası keçirilib. Tədbirdə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (SER) əməkdaşı da iştirak edib.

Baş Assambleyada Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsini əhatə edən regionlardan 110-dan çox ölkənin vətəndaş cəmiyyəti nümayəndələri təmsil olunub. Dünya əhalisinin böyük hissəsini əhatə edən bu regionların QHT-lərinin bir platformada bir araya gəlməsi beynəlxalq əməkdaşlığın və qlobal həmrəyliyin gücləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir.

GSNP Qoşulmama Hərəkatı regionunda fəaliyyət göstərən QHT-ləri birləşdirən ilk və yeganə beynəlxalq şəbəkədir. Qoşulmama Hərəkatında təmsil olunan 120 ölkədən 116-sının vətəndaş cəmiyyəti nümayəndələrinin bu platformada yer alması tədbirin əhəmiyyətini və geniş beynəlxalq miqyasını nümayiş etdirir.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzi beynəlxalq platformalarda iştirakını və müxtəlif ölkələrin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığını davam etdirərək qlobal təşəbbüslərə töhfə verməyi hədəfləyir.