Qubada İslam bankçılığı mövzusunda maarifləndirici seminar keçirilib

    22 aprel 2026-cı il tarixində Quba şəhərindəki  Heydər Əliyev Mərkəzində “Azərbaycanda İslam bankçılığından istifadə mexanizmləri” mövzusunda maarifləndirici seminar təşkil olunub.

Tədbir İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (SER) və Rabitəbank ASC-nin  İslam bankçılığı şöbəsinin birgə təşkilatçılığı, Quba İş Adamlarına Dəstək (QİAD) birliyinin  tərəfdaşlığı ilə baş tutub.

   Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Aynur Yahyayeva iştirakçıları salamlayaraq regionda sahibkarlığın inkişafı baxımından belə maarifləndirici təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Daha sonra Quba KOB dostu Asif Cəfərov  çıxış edərək sahibkarların alternativ maliyyə alətlərinə çıxış imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib.

   Seminarda məruzəçi qismində çıxış edən  SER-in sədri i.f.d.Ruslan Atakişiyev – Azərbaycanda tətbiq olunan İslam maliyyə alətləri, xüsusilə Mudaraba və Murabaha mexanizmləri barədə geniş təqdimatla çıxış edib. O, həmçinin beynəlxalq maliyyə institutlarının təqdim etdiyi alətlər, şərtlər və sektor üzrə prioritet istiqamətlər haqqında iştirakçılara məlumat verib.

   Seminar çərçivəsində Arslan Bektaşi – Rabitəbank ASC-nin İslam bankçılığı şöbəsinin rəisi çıxış edərək hansı layihələrin maliyyələşdirildiyini, müraciət prosesinin mərhələlərini, eləcə də uğurlu müraciət üçün vacib məqamları real nümunələr əsasında izah edib. Bununla yanaşı, Azərbaycanda yeni maliyyə alətlərinə müraciət şərtləri barədə də ətraflı məlumat təqdim olunub.

Tədbirin sonunda  iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi regionlarda sahibkarların maliyyə savadlılığının artırılması, alternativ maliyyə mexanizmlərinə çıxış imkanlarının genişləndirilməsi və İslam maliyyəsinin ölkədə tətbiqinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.