Sumqayıtda İslam bankçılığı mövzusunda maarifləndirici seminar təşkil olunub

8 aprel 2026-cı il tarixində İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (SER) və Rabitəbank ASC-nin İslam Bankçılığı Şöbəsiylə birgə təşkilatçılığı, “Qartal” Tikinti Firmasının tərəfdaşlığı ilə “Azərbaycanda İslam bankçılığından istifadə mexanizmləri”  mövzusunda  növbəti seminar Sumqayıt şəhərində baş tutub.

 

Seminarın açılışında çıxış edən “Qartal” Tikinti Firmasının direktoru Şahin Məmmədov iştirakçıları salamlayaraq  belə bir tədbirin Sumqayıt şəhərində keçirilməsindən məmnun olduğunu bildirib.  O,  bu sahədə keçirilən maarifləndirici tədbirlərin xüsusilə də  KOS-lar üçün vacibliyini vurğulayıb.

 

Daha sonra İslam maliyyəsi üzrə beynəlxalq sertifikat sahibi i.f.d. Ruslan Atakişiyev çıxış edərək ölkədə tətbiq olunan İslam maliyyə məhsullarının xüsusiyyətləri, işləmə mexanizmləri və beynəlxalq praktikada istifadə olunan yanaşmalar haqqında geniş təqdimatla çıxış edib. O, həmçinin beynəlxalq maliyyə institutlarının təklif etdiyi alətləri və prioritet istiqamətlər barədə də məlumat verib.

 

Seminarın davamında Rabitəbank ASC-nin  İslam bankçılığı şöbəsinin rəhbəri Arslan Bektaşi çıxış edərək maliyyələşdirilən layihələrin xüsusiyyətləri, müraciət prosedurları və uğurlu nəticə əldə etmək üçün vacib amilləri real nümunələr üzərindən izah edib. Bununla yanaşı, yeni maliyyə alətlərinə çıxış imkanları və müraciət şərtləri də iştirakçıların diqqətinə çatdırılıb.

 

İştirakçıların fəal müzakirələri ilə davam edən tədbir sual-cavab sessiyası ilə yekunlaşıb. Seminarın sonunda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, bu kimi təşəbbüslər Azərbaycanda İslam maliyyəsinin inkişafına təkan verməklə yanaşı, sahibkarların alternativ maliyyə resurslarına çıxışını asanlaşdırır və maliyyə inklüzivliyinin genişlənməsinə töhfə verir.