“Azərbaycanda İslam bankçılığından istifadə mexanizmləri” mövzusunda təlim keçirilib.

       4 aprel 2026-cı il tarixində Bakı şəhərində İqtisadi Resursların  Öyrənilməsi Mərkəzi və Rabitəbank ASC-nin İslam Bankçılığı şöbəsinin birgə  təşkilatçılığı, Sahibkar Qadınlar İctimai Birliyinin  tərəfdaşlığı ilə  “Azərbaycanda İslam bankçılığından istifadə mexanizmləri” mövzusunda təlim keçirilib.Tədbir ölkədə İslam maliyyə alətlərinin tətbiqi və sahibkarlar üçün alternativ maliyyələşmə imkanlarının genişləndirilməsi məqsədi daşıyıb.

 

       Tədbir Sahibkar Qadınlar İctimai Birliyinin sədri   Zenfira Ağayevanın  açılış nitqiylə başlayıb. O, çıxışında qadın sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılmasının vacibliyini vurğulayıb.

 

       Sonra  İRÖM-ün sədri Ruslan Atakişiyev Azərbaycanda tətbiq olunan İslam maliyyə məhsulları, beynəlxalq maliyyə institutlarının təqdim etdiyi alətlər, eləcə də sektor üzrə prioritet istiqamətlər barədə ətraflı məlumat verib. Həmçinin  O, İslam bankçılığı məhsulları – MudarabaMurabaha mexanizmlərini iştirakçılara ətraflı şəkildə izah edib.

 

      Öz növbəsində Rabitəbank ASC-nin İslam Bankçılığı şöbəsinin sədri Arslan Bektaşi iştirakçılara layihələrin maliyyələşdirilməsi mexanizmləri, müraciət prosesi, uğurlu müraciət üçün vacib məqamları  vurğulayıb və real nümunələr təqdim edib. Yeni maliyyə alətlərinə çıxış imkanları və bank prosedurları iştirakçıların böyük marağına səbəb olub.

Tədbirin sonunda iştirakçılarla fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, bu kimi təşəbbüslər Azərbaycanda İslam maliyyə ekosisteminin inkişafına, sahibkarların maliyyə savadlılığının artırılmasına və alternativ maliyyə mənbələrinə çıxışın genişləndirilməsinə mühüm töhfə verir.