“İslam investisiyalarının səhm bazarı vasitəsilə cəlbi “ mövzusunda tədbir keçirilib
5 fevral 2026-cı il tarixində İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER) və Bakı Fond Birjasının (BFB) birgə təşəbbüsü ilə “Şirkətlər üçün səhm bazarından İslam investisiyalarının cəlbi imkanları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Bakı Fond Birjasının Ticarət və Dəstək şöbəsinin rəhbəri Fərid Abbaszadə və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru Qafqaz Qəhrəmanlının açılış nitqləri ilə başlayıb. Çıxışçılar kapital bazarlarının inkişafında alternativ investisiya alətlərinin rolu və bu sahədə institusional əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Həmçinin Bakı Fond Birjasının Listinq bölməsinin rəhbəri Fərhad Mansurov “Səhm bazarının şirkətlər üçün yaratdığı imkanlar” mövzusunda çıxış edib. O, Azərbaycan kapital bazarlarına ümumi baxış, səhm bazarına çıxış mexanizmləri, IPO prosesi və səhm bazarının şirkətlər üçün yaratdığı üstünlüklər barədə ətraflı məlumat verib.
Daha sonra söz iqtisad üzrə fəlsəfə doktoru, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin idarə heyətinin sədri Ruslan Atakişiyevə verilib. Çıxışında o, “İslam səhmlərinin xarakterik xüsusiyyətləri” mövzusunda təqdimatı zamanı səhm alışının İslam prinsiplərinə uyğunluğu, halal listinq tələbləri, eləcə də beynəlxalq təcrübədə İslam (halal) səhm bazarlarının fəaliyyəti haqqında geniş məlumat verib.
Tədbirin əsas məqsədi Azərbaycan şirkətləri üçün səhm bazarının yaratdığı imkanları və IPO mexanizmlərini təqdim etmək, eyni zamanda İslam prinsiplərinə uyğun investisiya alətləri barədə məlumatlılığı artırmaq olub.
Sonda iştirakçıları maraqlandıran sualllar cavablandırılıb.
