SER Türkiyədə Qarabağ və Şərqi Zəngəzura “yaşıl sərmayə”nin cəlbi mövzusunda görüşlər keçirdi
Azərbaycan Respublikası Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi (SER) tərəfindən icra olunan “Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “yaşıl sərmayə”nin cəlbi” layihəsi çərçivəsində 9–10 sentyabr 2025-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində bir sıra görüşlər təşkil edilib.
Görüşlərdə Türkiyə Cümhurbaşkanlığı Katılım Sərmayəsi Departamenti, Türkiyə Katılım Bankları Birliyi, Al-Baraka, KuveytTürk, Ziraat Katılım bankları və İslam İqtisadiyyatı Araşdırmalar Mərkəzi kimi təşkilatların nümayəndələri iştirak ediblər.
QHT.az xəbər verir ki, görüşlərdə SER-in sədri, i.f.d. Ruslan Atakişiyev layihənin məqsədləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya potensialı barədə ətraflı məlumat verib. O, bölgənin kənd təsərrüfatı, turizm, emal və tikinti materialları sənayesində böyük potensialını vurğulayıb və sərmayəçilər üçün yaradılmış əlverişli investisiya mühiti – vergi və gömrük güzəştləri, sənaye parkları və digər dəstək mexanizmləri barədə danışıb.
Tədbir iştirakçıları Qarabağ bölgəsində həyata keçirilən infrastruktur layihələrinin mövcud vəziyyəti ilə maraqlanaraq regionun iqtisadi inkişaf perspektivlərinə dair suallar ünvanlayıblar.
Görüşlərin sonunda gələcək müzakirələrin konkret investisiya layihələri üzərində qurulması təklif olunub.
Tədbir xatirə şəkli ilə yekunlaşıb.
