Bəhreyndə Qarabağ və Şərqi Zəngəzura “yaşıl sərmayə”nin cəlbi müzakirə olunub

Azərbaycan Respublikası Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi (SER) tərəfindən icra olunan “Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “yaşıl sərmayə”nin cəlbi” layihəsi çərçivəsində Bəhreynin paytaxtı Manama şəhərində beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə görüş keçirilib.

Görüşdə Bəhreyn Bank və Maliyyə İnstitutunun rəhbəri Dr. Rizvan Malik, İslam Maliyyə Təşkilatları üzrə Mühasibatlıq və Audit Təşkilatının (AAOIFI) rəhbəri Omar Mustafa Ansari, həmçinin Beynəlxalq İslam Maliyyə Bazarının (IIFM) icraçı direktoru İjlal Ahmed Alvi iştirak ediblər.

SER-in sədri, i.f.d. Ruslan Atakişiyev layihənin məqsədləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya potensialı barədə ətraflı təqdimat edib. O, kənd təsərrüfatı, turizm, emal və tikinti materialları sənayesində geniş imkanları vurğulayıb, həmçinin xarici sərmayədarlar üçün mövcud olan əlverişli investisiya mühitindən – vergi və gömrük güzəştləri, sənaye parkları və digər dəstək mexanizmlərindən bəhs edib.

Sözügedən qurumların nümayəndələri Qarabağ bölgəsində həyata keçirilən infrastruktur layihələrinin mövcud vəziyyəti ilə maraqlanaraq regionun iqtisadi inkişaf perspektivlərinə dair suallar ünvanlayıblar.

Görüş xatirə şəkli ilə yekunlaşıb və beynəlxalq yaşıl sərmayənin Azərbaycan iqtisadiyyatına, xüsusilə də azad edilmiş ərazilərə cəlbi üçün yeni əməkdaşlıq imkanları açıb.